Bəşər tarixində yazılan ən əhəmiyyətli kitablardan biri Harriyet Biçer-Stounun “Tom dayının daxması”dır. Əsər 1852-ci ildə dərc olunmuşdu. Bu o vaxt idi ki, ABŞ-ın Şimal və Cənub ştatları arasında quldarlıq məsələsinə görə ciddi qarşıdurma yaranmışdı.
Bu əsəri yazmaqda xanım Stounun məqsədi quldarlığın çirkin mahiyyətini bütün çılpaqlığı ilə göstərmək idi. Eyni zamanda o, qərəzsizliyini qoruyub saxlamağa çalışmışdı; məsələn, kitabda öz qullarına yaxşı münasibət bəsləyən cənubluların obrazları yaradılmış, eyni zamanda əsərin ən əclaf qəhrəmanı kimi şimallı Simon Leqre göstərilmişdir. Əsər olduqca inandırıcı alınmışdı. Bu əsəri oxuyan milyonlarla insan quldarlığa qarşı kəskin mövqe tutdu. Ancaq zəncilər özləri bu kitabı o qədər də bəyənmədilər. Ağların fikrincə isə zəncilərin, ələlxüsus da Tom dayının xarakterləri ideallaşdırılmışdı. O hətta onu qamçı ilə döyən Simon Leqrenin belə ruhuna dua edir.
XX əsrin ortalarında, Amerika zənciləri sakitcə, səbirlə, mömincəsinə gözlədikləri müddətcə ağların könüllü olaraq onların hüquqlarını tanımayacaqları qənaətinə gələndə isə Tom dayının davranışını şərəfsiz və iyrənc hesab etməyə başladılar.
Bugünkü zəncilər üçün Tom dayı olmaq azad insan hüquqlarına layiq olmayan, itaətkar qul olmaq deməkdir. Bu ləqəb həqarət və təhqir mənasını daşıyır. (Ayzek Azimov. Sözlərin tarixi)